İyulun 1-dən Avropa İttifaqına (Aİ) sədrlik Macarıstandan Polşaya keçib. SİA-nın məlumatına görə, rəsmi Varşava qarşıdakı yarım il üçün prioritet istiqamətləri açıqlayıb. Avropa İttifaqında enerji həmrəyliyi strategiyası, təşkilatın yeni büdcə imkanları, eləcə də Türkiyənin Aİ-na üzv qəbul olunması ilə bağlı danışıqların sürətləndirilməsi prioritet məsələlər arasındadır.
Polşa Xarici İşlər nazirliyinin dövlət katibi Adam Yasser bildirib ki, Avropaya gücləndirilmiş inteqrasiya və birliyin şərqə doğru genişləndirilməsi bir-birinə ziddiyyət təşkil etmir: \"Fransa, Almaniya, eləcə də Avstriya kimi ölkələr Türkiyənin birliyə üzvlüyünə qarşı olsalar da, onlar rəsmi Ankaranı ən yaxşı halda imtiyazlı tərəfdaş kimi görürlər. Polşa dinamik iqtisadi inkişafa və Yaxın Şərqdə mühüm strateji mövqeyə malik olan Türkiyənin Aİ-na üzvlüyünü Avropa üçün problem deyil, qazanc olacağını düşünür. İyunun əvvəlində Türkiyə Prezidenti Varşavada rəsmi səfərdə olarkən Polşa dövlətinin başçısı da qeyd etmişdi ki, ölkəsi Türkiyənin Aİ-na üzvlüklə bağlı siyasətini dəyişilməz şəkildə dəstəkləməkdədir\".
Aİ-na sədrlik dövründə Polşanın qarşısında birliyin maliyyə siyasəti ilə bağlı məsələlər də duracaq. Buraya Avronun sabitliyinin təmini, Yunanıstana maliyyə yardımlarında özəl kreditorların iştirakı, avro təhlükəsizliyi paktının möhkəmləndirilməsi və s. daxildir. Bununla yanaşı, Polşa ölkənin ümumavropa valyutası avroya keçidi istiqamətində fəaliyyətini sürətləndirmək niyyətindədir. Polşanın maliyyə naziri Yaçek Rostovskinin sözlərinə görə, Polşa Avrozonaya daxil olan ölkələrlə avrodan milli valyuta kimi istifadə etməyən digər Avropa İttifaqı ölkələri arasında əlaqələndirməni gücləndirməyə çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB