Banqkok dünya Kitab Paytaxtı seçilib

Banqkok dünya Kitab Paytaxtı seçilib

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatı (YUNESKO) Banqkoku 2013-cü ilin dünya kitab paytaxtı seçib. SİA-nın məlumatına görə, Tailand paytaxtı bu titula ölkənin "Kitab nəşrinin və kitab ticarətinin bütün mərhələlərini, naşirlik layihələrinin bütün iştirakçılarını birləşdirmək" səyləri sayəsində layiq görülüb.

Seçim komitəsi bu şəhərə həm də ona görə üstünlük verib ki, Banqkok komitənin müzakirəsinə çox rəngarəng tədbirlər proqramı təqdim edib. Komitənin iclası YUNESKO-nun Parisdəki mənzil-qərargahında keçirilib.

YUNESKO-nun baş direktoru İrina Bokova deyib: "Mən Banqkok şəhərini bu zəngin və rəngarəng proqram münasibətilə təbrik edirəm. Onun hazırlanmasına xeyli qüvvə sərf edilib. Proqramda gənclərə, əhalinin marginallaşmış qruplarına, eləcə də kitabın hamı üçün zəruri olmasına xüsusi əhəmiyyət verilir".

Seçim komitəsinə həm YUNESKO-nun özünün, həm də kitab sənayesi üzrə aparıcı peşəkar assosiasiyaların, o cümlədən Beynəlxalq Naşirlər Assosiasiyasının, Kitab Ticarətçiləri Federasiyasının və Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının nümayəndələri daxildir.

Komitə hər il kitabı və mütaliəni populyarlaşdırmağı öhdəyə götürmüş şəhərə bu fəxri adı verməklə ədəbi yaradıcılığın həyati qüvvəsini vurğulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə