Konqresmenlər Barak Obamaya Liviyada hərbi əməliyyatlar aparmaq səlahiyyətini vermədilər

Konqresmenlər Barak Obamaya Liviyada hərbi əməliyyatlar aparmaq səlahiyyətini vermədilər

Amerika qanunvericiləri son 12 il ərzində ilk dəfə olaraq, xaricdə hərbi əməliyyatın aparılmasının əleyhinə səs veriblər. SİA-nın məlumatına görə, Konqresin nümayəndələr palatasının üzvləri bu gün ABŞ prezidenti Barak Obamaya Liviyada silahlı qüvvələrdən məhdud istifadə hüququ verən qətnamənin əleyhinə çıxış ediblər.

123 deputat bu sənədin lehinə, 295 deputat isə əleyhinə səs verib. Onu da qeyd etmək lazımdır ki, qətnamə əleyhdarları arasında yalnız Respublikaçılar deyil, Demokratlar partiyasından Obamanın 70 tərəfdarı da olub.

Ekspertlər hesab edir ki, bu addım Amerikanın Cəmahiriyyədəki əməliyyatlarda iştirakında təcili dəyişikliklərə gətirməsə də, ali baş komandana özünəməxsus bir çağırışdır.

Sonuncu dəfə belə bir hal ABŞ-da 1999-cu ildə baş verib. O zaman prezident Bill Klinton Bosniya və Hersoqovinada müharibənin aparılması səlahiyyətlərinin verilməsinə rədd cavabı alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə