Müsəlmanlara qarşı soyqırım törədən Ratko Mladiç tribunala çıxarılır

Müsəlmanlara qarşı soyqırım törədən Ratko Mladiç tribunala çıxarılır

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın hərbi cinayətlərdə və soyqırımda ittiham etdiyi Bosniya serblərinin keçmiş lideri Ratko Mladiç bu gün Haaqa məhkəməsi qarşısına çıxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilk iclasda Ratko Mladiçə qarşı 90-cı illərdə Bosniya müharibəsi zamanı hərbi cinayətlərlə bağlı ittiham irəli sürüləcək. O, özünümüdafiə yolunu seçəcək - vəkilin köməyi ilə və ya müstəqil müdaifə olunmaq niyyətini açıqlayacaq.

Tribunalın qaydalarına görə Mladiç cavab vermək üçün məhkəmədən 30 gün istəyə bilər. Ancaq məhkəmə iclasının baş tutmayacağı da istisna edilmir. Belə ki, Ratko Mladiç ötən gün səhhətinin pisləşməsi ilə əlaqədar Haaqada təcridxananın xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, 16 illik təqibdən sonra ötən həftənin sonunda həbs edilmiş R.Mladiç 2 dəfə iflic keçirib. Odur ki, məhkəmə başlayanadək Mladiçin yaşaya bilməyəcəyindən ehtiyyat edən vəkili onun həkimlə təmin olunması üçün müraciət edib.

Serbiya prokurorluğundan isə Mladiçin prosesi yubatmağa çalışdığını və heç nəyin onun beynəlxalq cinayət məhkəməsi - Haaqaya ekstradisiyasının qarşısını almayacağını deyib. Soyqırımda ittiham edilən keçmiş generalın həbsinə etiraz olaraq bu gecə Serbiya paytaxtı Belqradda on minə yaxın adamın qoşulduğu mitinqdə qarşıdurma baş verib. Aksiya iştirakçıları polisə daş və şüşə qablar atıb. Polis aksiya iştirakçılarına qarşı dəyənəklərdən istifadə edib. 30-dan çox adam xəsarət alıb. Qərb mətbuatı isə xəsarət alanların sayının 70-dən çox olduğunu yazır

Qeyd edək ki, mayın 26-da Serbiyanın Lazarevo kəndində həbs olunan Ratko Mladiç ötən gün Haaqaya ekstradisiya edilib. O, 1992-95-ci illərdə Bosniya müharibəsi zamanı Srebreniça kəndində etnik təmizləmələrin təşkilində günahlandırılır. Keçmiş general bu cinayətlərdə günahını rədd edir

Bütün xəbərlər Facebook səhifəmizdə