İsveç Silahlı Qüvvələrinin qiymətləndirməsinə görə, 2030-cu ilə qədər Rusiyadan gələn hərbi təhdid əhəmiyyətli dərəcədə artacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hökumətə təqdim edilən tövsiyələrdə qeyd olunur ki, Ukraynadakı müharibədəki inkişafdan asılı olmayaraq, Rusiyanın İsveçə təsir və ya onu hibrid müharibə və iqtisadi təzyiq vasitəsilə təhdid etmək qabiliyyəti 2030-cu ilə qədər ənənəvi hərbi təhdidlə yanaşı artacaq.
Müdafiə Qərargahının rəisi Karl-Yohan Edstromun fikrincə, Moskva Baltik sərhədləri yaxınlığında quru qüvvələrinin sayını artıra, Arktikada donanmasını gücləndirə və uzaqmənzilli silah sistemlərini inkişaf etdirməyə davam edə bilər. Buna görə də İsveç öz müdafiə imkanlarını genişləndirməlidir.
Silahlı Qüvvələr 2 min kilometrə qədər mənzilli raketlərə investisiyaların artırılmasını, hava hücumundan müdafiənin gücləndirilməsini, dron texnologiyalarının inkişafını və sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif edir. Stokholm həmçinin, Finlandiya və Baltikyanı ölkələrdəki əməliyyatlarda iştirak etmək imkanlarını gücləndirməlidir.
NATO tələb edir ki, İsveç 2030-cu ilə qədər çoxsahəli əməliyyatlar apara bilsin, quru, hava və dəniz qüvvələrinin hərəkətlərini əlaqələndirsin. Buna nail olmaq üçün ölkənin “GlobalEye” təyyarələri və öz peykləri də daxil olmaqla yeni kəşfiyyat sistemlərinə ehtiyacı var.
Karl-Yohan Edstrom vurğulayır ki, İsveç Ural dağlarından Aralıq dənizinin cənubi hissəsinədək aktual kəşfiyyat mənzərəsinə, eləcə də ballistik raketlərə və dronlara qarşı müdafiə oluna bilən çoxqatlı hava və raketdən müdafiə sisteminə sahib olmalıdır.
Ölkənin müdafiə büdcəsinin 2030-cu ilə qədər hazırkı 148 milyard krondan (15,5 milyard dollar) 200 milyard krona (21 milyard dollar) artırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB