“Shein” mağazasının geyimlərində təhlükəli kimyəvi maddələr aşkar edilib

“Greenpeace” ekoloji təşkilatının apardığı araşdırmada “Shein” onlayn mağazasının uşaq geyimlərində təhlükəli maddələrin olduğu üzə çıxıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 56 geyim nümunəsinin 18-də Avropanın kimyəvi maddələr üzrə tələblərini aşan maddələr var. Aşkar edilən maddələr arasında ftalat tipli plastifikatorlar və suya, ləkəyə davamlı PFAS maddələri (daim kimyəvilər) yer alır. Araşdırmalar göstərir ki, bu kimyəvi maddələrin bəziləri insanın qaraciyərini zədələyə və immun sistemini zəiflədə bilər. Həmçinin, xərçəng riskini də artıra bilər. “Greenpeace” təşkilatı bildirir ki, istehsalçı ölkələrdə xüsusilə də həm işçilər, həm də ətraf mühit bu təsirlərdən daha çox əziyyət çəkir. Yuyulma və utilizasiya zamanı həmin maddələr torpağa daxil olur.

“Shein” bəyan edib ki, şirkət məhsullarının təhlükəsizliyinə çox ciddi yanaşır və müştərilərinə tələblərə uyğun, təhlükəsiz məhsullar təqdim etməyə çalışır. Şirkət hələlik “Greenpeace” təşkilatının yoxlama nəticələrini müstəqil şəkildə test edə bilməyib. Ehtiyat tədbiri olaraq, həmin məhsullar dünya üzrə satışdan çıxarılır. Bu, qısa müddət ərzində “Shein”in oxşar ittihamla üzləşdiyi ikinci haldır. Oktyabrın sonunda Almaniyanın istehlakçı hüquqlarının müdafiə təşkilatı olan “Stiftung Warentest” yoxlanılmış 162 məhsulun 110-da zərərli maddələr, texniki qüsurlar və ya yanlış markalanma aşkar etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə