Uelsdə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib

Uelsin cənub-şərqində yerləşən Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü və genişmiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, qərarın verilməsindən sonra xilasedicilər evakuasiya, xilasetmə əməliyyatları və sakinlərlə bağlı təhlükəsizlik yoxlamaları aparırlar. Böyük Britaniyada həftəsonu yağışlı hava şəraitinin davam edəcəyi, gələn həftə isə kəskin soyuq havanın gözlənildiyi bildirilir. İngiltərə üzrə təxminən 50 daşqın xəbərdarlığı, Uels üzrə isə 9 xəbərdarlıq qüvvədədir.

Monnou çayının daşması nəticəsində Monmut şəhər mərkəzində bir çox ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir hissəsi həyat üçün təhlükə xəbərdarlıqları fonunda şəhər kitabxanasına təxliyə edilib.

Şəhər üzrə deputat Martin Nyuel bunu son 20–30 ildə Monmutda müşahidə olunan ən ağır vəziyyət adlandıraraq, zərərçəkənlər üçün son dərəcə kədərləndiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə