Yəməndə uşaqlar dərsliksiz təhsil alırlar...

Hər sinifdə 100-dən çox şagird var...

...Yəmənli uşaqlar taxta skamyalarda ərəb dili qrammatikasını öyrənirlər. Bəzi şagirdlər ayaqyalın oturur, bəziləri isə dərsliksiz...

SİA-nın məlumatına görə, AFP xəbər verir ki, hətta bu şəraitdə belə, müharibənin getdiyi ölkədə hər kəs üçün əlçatan olmayan təhsil almaqdan məmnundurlar.

Deyilənlərə görə, Yəməndəki vətəndaş müharibəsi zamanı təxminən 3000 məktəb dağıdılıb.

Sağ qalanlarında isə tez-tez su və ya elektrik enerjisi çatışmır. Ədən yaxınlığındakı belə məktəblərdən biri olan əl-Ribat əl-Qərbi hökumətin nəzarətində olan ərazidə yerləşir.

Su yoxdur, tez-tez elektrik kəsintiləri və müəllim çatışmazlığı olur.

Müəllim Suad Saleh deyir ki, hər sinifdə 105 ilə 110 arasında şagird var.

O, dərsin ilk 10 dəqiqəsinin şagirdləri sakitləşdirməyə çalışmaq məcburiyyətində qaldığından şikayətlənir.

Uşaqlar yerdə oturub dəftərlərini dizlərinin üstündə tuturlar. Məktəbin direktor müavininin sözlərinə görə, ixtisaslı müəllimlərin çatışmazlığı var və az adam aşağı əmək haqqı ilə işləməyə hazırdır.

…Biz 50.000 Yəmən rialına (31 dollar) işləyirik, - deyə müəllim Suad Saleh bildirir.

UNICEF-in məlumatına görə, Yəməndə 4,5 milyondan çox uşağın təhsil almaq imkanı yoxdur. Hökumətin nəzarətində və Husilərin nəzarətində olan ərazilərdə vəziyyət təxminən eynidir.

Mövcud məktəblərin əksəriyyəti dəstək üçün xeyriyyə təşkilatlarına güvənir.

…Təhsil vəziyyəti elədir ki, nə oxuya, nə də yaza bilən bütöv bir nəsil böyüyür. Bu, bir fəlakətdir, - deyə Ədəndəki əl-Haram əl-Cami Məktəbinin direktoru təəssüflə bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə