Qazaxıstan ilə Çin sərhədində 1500-ə qədər yük avtomobili növbə gözləyir

Qazaxıstan ilə Çin arasındakı “Nur Yolu” sərhəd-keçid məntəqəsində müvəqqəti olaraq təxminən 1500 yük avtomobili gözləyir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iki ölkənin sərhəd-gömrük orqanları rəhbərlərinin oktyabr ayında Urumçidə keçirilən görüşü zamanı Çin tərəfi gündə ən azı 800 nəqliyyat vasitəsinin qəbul edilməsi və bu ilin sonuna qədər bu rəqəmin tədricən gündə 1 min nəqliyyat vasitəsinə çatdırılmasına razılıq verib.

Əldə edilən razılaşmalara uyğun olaraq, fasiləsiz daşınmanı təmin etmək üçün Elektron Növbə Sistemindəki (ENS) limitlər artırılıb.

Lakin noyabrın 8-12-də Çin tərəfi tərəfindən qəbul olunan nəqliyyat vasitələrinin faktiki sayı gündə orta hesabla 700-750 təşkil edib ki, bu da Qazaxıstan tərəfində nəqliyyat vasitələrinin müvəqqəti olaraq yığılıb qalmasına gətirib çıxarıb.

Bundan əlavə, qonşu “Kaljat-Dulatı” (Çin) keçid məntəqəsində təxminən bir həftə davam edən yoxlama-nəzarət kompleksinin quraşdırılması işləri aparılıb. Bu dövrdə bu istiqamətdə ötürücülük qabiliyyəti məhdud olub və nəqliyyat axınının bir hissəsi “Nur Yolu”ya yönəldilib.

Vəziyyəti sabitləşdirmək üçün ENS-də gündəlik nəqliyyat vasitəsinin tutumu noyabrın 13-dən etibarən 650 nəqliyyat vasitəsinə endiriləcək. Bu, nəqliyyatın bərabər paylanmasına imkan verəcək və giriş əməliyyatlarının davamlılığını təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə