Xəzər dənizinin və transsərhəd çayların vəziyyəti ciddi diqqət tələb edir
Region ölkələri görünməmiş ekoloji çağırışlarla üzləşirlər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə keçirilən ikinci “Mərkəzi Asiya-Rusiya” Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu çağırışların aradan qaldırılması üçün hökumət və aidiyyəti qurumların rəhbərləri səviyyəsində sistemli addımlar, əlaqələndirilmiş qərarlar və tədbirlər lazımdır.
“Bununla əlaqədar olaraq, Mərkəzi Asiya ölkələri və Rusiyanın ekoloji məsələlər üzrə Nazirlər Şurasının yaradılması təklif edilir. Fikrimcə, transsərhəd çayların və Xəzər dənizinin vəziyyəti ciddi diqqət tələb edir. Xəzərin Su Ehtiyatlarının Mühafizəsi üzrə Dövlətlərarası Proqramın icrası bu mürəkkəb problemin həllinə öz töhfəsini verəcək. Su təhlükəsizliyinin hazırkı vəziyyəti də narahatlıq doğurur. Buna görə də su ehtiyatlarının və kənd təsərrüfatı torpaqlarının vəziyyətinin obyektiv qiymətləndirilməsi, habelə fövqəladə halların proqnozlaşdırılması üçün peyklər qrupundan istifadə edərək, birgə kosmik monitorinq proqramı hazırlamaq və reallaşdırmaq təklif olunur”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə