Ukrayna dronlarının Rusiyanın enerji və hərbi obyektlərinə hücumları fonunda, Rusiyada Novaya Zemlya arxipelaqındakı nüvə poliqonunun müdafiəsini gücləndirmək qərarına gəliblər. SİA xəbər verir ki, müdafiə qurğularını “The Barents Observer” nəşrinin jurnalistləri peyk şəkillərini təhlil edərkən aşkar ediblər.
Söhbət Arxangelsk vilayətinin Severni qəsəbəsində yerləşən nüvə sınaqları poliqonu və onun təminat bazasından gedir. Bu ərazi Ukraynadan 2500 kilometrdən çox məsafədə yerləşir. Məqalə müəlliflərinin yazdığına görə, 1950-ci illərdən bəri burada yüzlərlə atom partlayışı həyata keçirilib.
“Google Earth” xidmətinin görüntülərində görünür ki, qəsəbəni yanacaqla təmin edən üç sıra yanacaq çənləri qoruyucu metal torlarla örtülüb: “Bu torlar dronların birbaşa çənlərin üzərində partlamasının qarşısını almağa və nəticədə yanacağın alışmasına mane olmağa yönəlib”. Məqalədə qeyd olunur ki, Severni liman kompleksinin yaxınlığındakı çənlərdə nüvə poliqonunda istifadə olunan nəqliyyat vasitələri üçün yanacaq saxlanılır. Qəsəbənin mərkəzinə daha yaxın hissəsində isə mərkəzi istilik və elektrik təchizatı üçün istifadə olunan mazut çənləri yerləşir.
“Görüntülərdən aydın olur ki, mazut çənləri torlarla örtülməyib, eləcə də Severni yaxınlığındakı helikopter meydançasında yerləşən bir neçə aviasiya yanacağı çəni də açıq vəziyyətdədir. Mavi rəngli bu torlar digər hərbi obyektlərdə, məsələn, artıq Ukrayna dronlarının hücumuna məruz qalmış Murmanskın cənubundakı Olenya aviabazasında yanacaq çənlərini örtmək üçün istifadə olunan torlara bənzəyir”, – deyə məqalədə bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə