Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən Y.M. Sverdlov adına zavoda, həmçinin müvəqqəti işğal altında olan Krımın Feodosiya şəhərindəki Dəniz Neft Terminalının obyektlərinə zərbələr endirib.
Bu barədə SİA Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.
Dzerjinskdəki zavod Rusiyanın ən iri partlayıcı maddə istehsalçılarından biridir. Baş Qərargahın məlumatına görə, müəssisə aviasiya və artilleriya mərmilərindən tutmuş tank əleyhinə idarə olunan raketlərin döyüş başlıqlarına və hava hücumundan müdafiə sistemlərinin sursatlarına qədər demək olar ki, bütün növ döyüş sursatlarını istehsal etmək imkanına malikdir. Hadisə yerində çoxsaylı partlayışlar və yanğın qeydə alınıb.
Bundan əlavə, Dəniz Neft Terminalı ASC-nin (Feodosiya, Krım) obyektlərinə də zərbə endirilib. Bu terminal vaqon-sisternlər, gəmilər və avtomobil nəqliyyatı arasında neft və neft məhsullarının daşınması üçün istifadə olunan çoxfunksiyalı kompleksdir və Rusiya ordusunun təminatında istifadə olunurdu. Zərbədən sonra terminal ərazisində böyük yanğın baş verib.
Həmçinin, Krımın müvəqqəti işğal altında olan ərazisində Rusiya Silahlı Qüvvələrinin 18-ci ümumqoşun ordusunun maddi-texniki təminat batalyonuna məxsus sursat anbarının vurulması da qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə