Aİ liderləri Gürcüstanda keçirilən seçkilərlə bağlı birgə bəyanat yayıblar

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.

SİA xəbər verir ki, sənəddə Gürcüstanda oktyabrın 4-də yerli seçkilərin müxalifətin sıxışdırılması fonunda keçirildiyi bildirilib.

Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub.

“Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə