“Naftoqaz” və Avropa İnvestisiya Bankı qaz alışı üçün 300 milyon avroluq kredit sazişi imzalayıb
“Naftoqaz” və Avropa İnvestisiya Bankı (AİB) 300 milyon avro məbləğində kredit sazişi imzalayıb. Vəsait Ukrayna əhalisinin qış mövsümündə sabit istiliklə təmin olunması üçün qaz alışına yönəldiləcək. SİA “Naftoqaz”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, vəsait uzunmüddətli ehtiyatların formalaşdırılmasına və qışda fasiləsiz qaz təchizatına sərf olunacaq.
Saziş çərçivəsində “Naftoqaz” AİB-in krediti ilə ekvivalent olan məbləği bərpa olunan enerji və dekarbonizasiya layihələrinə yenidən yatırım etməyi öhdəsinə götürür.
“AİB-in bu yeni maliyyə vəsaiti Ukraynanın qış dövründə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək, icmalar və biznes üçün həyati əhəmiyyətli dəstək təmin edəcək”, – deyə AİB prezidenti Nadiya Kalvinyo vurğulayıb.
Ukraynanın Baş naziri Yuliya Sviridenko isə qeyd edib ki, bu razılaşma müasir enerji sisteminin yaradılması və ölkənin Avropa İttifaqına inteqrasiyası yolunda mühüm addımdır.
“Etibarlı enerji təchizatı müəssisələrin fəaliyyəti, iş yerlərinin qorunması və iqtisadiyyatımıza yeni investisiyaların cəlb edilməsi üçün zəruridir. Eyni zamanda bu tərəfdaşlıq Ukraynanın uzunmüddətli hədəfi olan Avropaya inteqrasiya olunmuş davamlı enerji sektorunun qurulmasını dəstəkləyir”, – deyə iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolev bildirib.
Xatırladaq ki, bundan əvvəl “Naftoqaz”ın rəhbəri Sergey Koretski şirkətinin istilik mövsümünə hazırlıq planını 95-97 faiz yerinə yetirdiyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə