Macarıstan Türkmənistandan qaz idxal etməyi planlaşdırır...

Trampın tənqidindən sonra Orban Rusiyanın enerji resurslarına alternativ axtarmağa başlayıb...

Macarıstan Türkmənistandan təbii qazın idxalı ilə bağlı fəal danışıqlar aparır.

SİA xəbər verir ki, Türkmənistan Dövlət Televiziya və Radio Verilişlərinin məlumatına görə, Macarıstan dövlət katibinin müavini Adam Stifter bu barədə Türkmənistan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Aşqabadda keçirilən iclasının yekunlarına dair açıqlama verib.

…Enerji sektorunda biz Türkmənistanı etibarlı tərəfdaş kimi görürük. Macarıstan müxtəlif ölkələrdən təbii qaz idxalından asılıdır, ona görə də Türkmənistana böyük ümidlə baxırıq ki, Türkmənistan tezliklə Avropaya, daha dəqiq desək, Macarıstana qaz tədarükçüsü olacaq, - Stifter bildirib.

Macarıstanın Avropa məsələləri üzrə dövlət katibinin müavini Peter Holicza aydınlaşdırıb ki, danışıqlar zamanı tərəflər əməkdaşlığın konkret sahələrini müzakirə ediblər.

…Biz Türkmənistan və Macarıstan arasında təbii qaz ticarətini, Xəzər şelfində potensial karbohidrogen kəşfiyyatı və işlənməsi layihələrini, həmçinin gələcək bərpa olunan enerji mənbələri üzrə birgə təşəbbüsləri müzakirə etdik, - o qeyd edib.

Holicza Macarıstanın oktyabrda Türkmənistanda keçiriləcək Beynəlxalq Enerji Forumunda iştirak etmək planlarını da təsdiqləyib.

…Biz həm Türkmənistanda, həm də bütövlükdə regionda enerji əməkdaşlığının genişləndirilməsi üçün gələcək addımları və imkanları müzakirə etmək üçün mütləq bu tədbirdə iştirak etməyə çalışacağıq, - o deyib.

Mart ayında Türkmənistanın keçmiş prezidenti və Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov ölkənin Avropaya qaz tədarük etməyə hazır olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Aşqabadla Avropa arasında əməkdaşlıq hər iki tərəf üçün faydalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə