Günəş sistemindəki asteroidlərin sayı əvvəllər hesablanandan iki dəfə çox olduğu məlum olub
Astronomlar indiyə qədər məlum olan gənc asteroid ailələrinin sayını təxminən iki dəfə artırıblar. Orbitlərin yeni təhlili nəticəsində tədqiqatçılar 10 milyon ildən kiçik yaşı olan 63 yeni qrup aşkarlayıblar. Bundan əvvəl 43 belə ailə məlum idi və indi onların sayı 106-ya çatıb. SİA xəbər verir ki, tədqiqat “Icarus” jurnalında dərc olunub.
Gənc asteroid ailələri böyük asteroidin parçalanması nəticəsində əmələ gəlir və oxşar orbital parametrlərə malik ən azı üç obyektdən ibarət olur. Adətən onların yaşı 10–15 milyon ildən azdır. Lakin yeni təhlil göstərir ki, aşkar edilmiş yeni qrupların əksəriyyəti bir milyondan az il əvvəl yaranıb. Bir çox hallarda bu qruplar 3–10 üzvdən ibarət olsa da, ən böyük yeni ailə 58 asteroidi əhatə edir.
Alimlər 1,25 milyon obyektin orbit məlumatlarını beş koordinatlı iyerarxik klasterləşdirmə metodu ilə analiz ediblər. Maraqlıdır ki, yeni ailələrin yarısından çoxu əvvəllər məlum olan köhnə qrupların içində yerləşir. Bu, böyük ailədəki asteroidlərdən birinin kiçik parçalara bölünərək, “ailə içində ailə” yaratdığı hallarda mümkündür.
Bundan əlavə, məlum olub ki, əksər məlum olan S-tipli (karbonlu) asteroidlərlə müqayisədə, yeni ailələr əsasən silikat və metal baxımından zəngin S-tipli daş asteroidlərdən ibarətdir.
Tədqiqatçılar qeyd edirlər ki, aşkar olunmuş asteroidlər yalnız “aysberqin görünən tərəfidir”. Daha sönük obyektlər hələ teleskopların imkanlarından kənardadır, lakin gələcəkdə onların da qeydə alınması planlaşdırılır. Bu isə meteoritlərin mənşəyini, Günəş sisteminin təkamülünü daha dərindən anlamağa və asteroidlərin Yer planeti ilə mümkün toqquşmalarını daha dəqiq proqnozlaşdırmağa imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə