İsrail ordusunun Qəzzaya hücumları davam edir

Tanklar və ağır tikinti texnikası da daxil olmaqla İsrail hərbi maşınlarının Qəzza şəhərinin şimal-qərbindəki yeni məhəllələrə doğru irəlilədiyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail tankları Qəzzanın şimalında Cella küçəsinin bitdiyi Səftavi məhəlləsinə yüzlərlə metr daxil olub.

Bundan əlavə, ekskavatorlar da daxil olmaqla ağır İsrail hərbi maşınları şəhərin şimal-qərbindəki Kerame Towers və Muhaberat ərazilərinin ətrafında işləyib. İsrail ordusu Səftavi məhəlləsində və Cella küçəsinin bitdiyi ərazidə yerləşən hərbi maşınların foto və görüntülərini yayıb. İsrail ordusu Qəzza zolağının işğalını genişləndirmək və daimi etmək üçün hücum planını həyata keçirməyə başlayıb. Baş nazir Benyamin Netanyahu Qəzza zolağının hamısını işğal edəcəklərini açıqlayıb.

İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də bölgənin şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Sentyabrın 15-də verdiyi açıqlamada İsrailin müdafiə naziri Katz qurudan hücumları bərpa etdikdən sonra Qəzza şəhərini məhv etməklə hədələyib. İsrail ordusu dünən bəyanat yayaraq, iki gün ərzində Qəzza şəhərinə 150-dən çox hava və artilleriya zərbəsi endirdiyini bildirib. Yüzlərlə fələstinli ailə İsrailin Qəzza zolağının şimalını intensiv bombardman etməsi və məcburi evakuasiya xəbərdarlığı səbəbindən şimaldan cənuba köç etməyə davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə