Nigeriyada "Lassa" qızdırmasından ölənlərin sayı 162-yə çatıb

Nigeriyada "Lassa" qızdırması yayılmaqda davam edir və bu il ölənlərin sayı 162-yə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi 2025-ci ilin əvvəlindən ölkəyə təsir edən Lassa qızdırması epidemiyasından ölənlərin sayının 162-yə yüksəldiyini açıqlayıb. Mərkəzin açıqlamasında ümumilikdə 7375 hadisənin bildirildiyi, 871-inin laboratoriya testləri ilə təsdiqləndiyi qeyd edilib. O, həmçinin qeyd edib ki, epidemiyadan ən çox 21-30 yaş arası gənclər əziyyət çəkir, kişilər qadınlara nisbətən daha tez-tez yoluxurlar.

Açıqlamada vurğulanıb ki, hadisələrin gec bildirilməsi, müalicə xərclərinə görə səhiyyə xidmətinə az baş çəkmək və aşağı gəlirli icmalarda gigiyena qaydalarına riayət edilməməsi yüksək ölüm nisbətinə səbəb olur. Səlahiyyətlilər, "Lassa" qızdırmasına nəzarət etmək üçün beş illik (2025-2029) strateji plana başlayacaqlarını açıqlayıblar.

Siçovul nəcisi ilə təmasda olan "Lassa" qızdırması insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur. Səlahiyyətlilər sakinlərə siçovullar və digər gəmiricilərlə təmasdan qaçmaq barədə xəbərdarlıq edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə