...SİA xəbər verir ki, “NBC News”-un məlumatına görə, ABŞ və bir sıra Avropa ölkələri Ukrayna torpaqlarında böyük silahsızlaşdırılmış zolağın təşkili perspektivini öyrənirlər. Layihədə Səudiyyə Ərəbistanı və ya Banqladeş kimi NATO üzvü olmayan ölkələrin hərbçilərinin iştirak edəcəyi güman edilir.
Bufer zonanın yaradılmasında məqsəd Ukrayna daxilində Rusiya və Ukrayna ərazilərini ayırmaq və NATO qoşunlarının birbaşa iştirakı istisna olmaqla, Kiyevə təhlükəsizlik zəmanəti verməkdir.
ABŞ pilotsuz uçuş aparatları, peyk sistemləri və digər kəşfiyyat vasitələrindən istifadə edərək, digər maraqlı ölkələrlə öz hərəkətlərini əlaqələndirərək bu zonaya nəzarətdə əsas rol oynaya bilər.
Amerika qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi planlaşdırılmır.
Avqustun 29-da Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin ehtiyac duyduğu üç əsas təhlükəsizlik təminatı blokunu açıqlayıb.
Xüsusilə, o, Ukrayna hərbçilərinə maliyyə və silah dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Bundan əlavə, Kiyev münaqişənin bərpası halında görüləcək tədbirlərə dair tərəfdaşlarla aydın razılaşmalar əldə etməyə çalışır.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiyaya sanksiya təzyiqinin davam etdirilməsi və dondurulmuş Rusiya aktivlərindən Ukraynanın bərpası üçün istifadə edilməsi də əsas təhlükəsizlik zəmanətləri siyahısına daxildir.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hər bir ölkənin öz təhlükəsizlik sistemini müstəqil müəyyən etmək hüququ var, lakin Ukraynanın təhlükəsizliyi Rusiyanın təhlükəsizliyi hesabına təmin edilməməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə