Si üçün parad sadəcə hərbi bayram deyil, mütləq gücün təsdiqidir...

...Pekinin mərkəzində Çinin qüdrətini və Çin lideri Si Cinpinin şəxsi təsirini nümayiş etdirəcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlar tamamlanır. Tiananmen meydanında 26 ölkə lideri, o cümlədən Putin və Kim Çen In üçün tribunalar qurulub - bu, Şimali Koreya liderinin 1959-cu ildən bəri ilk dəfə Çin paradında iştirak etməsidir.

SİA-nın məlumatına görə, bu barədə BBC yazır

Tədbir rəsmi olaraq Yaponiyanın təslim olmasının 80-ci ildönümünə təsadüf edir, lakin Si üçün bu, iqtisadi problemlər, işsizliyin artması və mənzil qiymətlərinin aşağı düşməsi fonunda gücün proyeksiyası və imicinin gücləndirilməsi platformasına çevrilib.

Parad görünməmiş təhlükəsizlik tədbirləri ilə təşkil edilir. Paytaxtda dronların istifadəsi qadağan edilib, binaların girişlərində əlavə skanerlər quraşdırılıb, körpülərdə və yerüstü keçidlərdə mühafizəçilər növbə çəkir.

Jurnalistlərə qaydalar barədə xəbərdarlıq etmək üçün evlərinə baş çəkirlər. Marşrut boyu evlərin sakinlərinə eyvana çıxmamaq tövsiyə olunub.

...Çanqanjie boyunca məktəblər, otellər və biznes mərkəzləri bağlanıb, metronun bir hissəsi bağlanıb, nəqliyyatın hərəkəti iflic olub.

Hətta icarəyə verilən velosipedlər də küçələrdən yığışdırılıb. Gecələr tanklar və texnika kolonları məşq edir və marş səsləri meydandan çox-çox uzaqlara keçir.

Nəzarətin bu miqyası hakimiyyətin narahatlığını əks etdirir. Pekin 2022-ci ildə bir fəalın körpüdə hökumət əleyhinə pankart açdığı etirazların təkrarlanmasını istəmir.

İndi narazılığı ifadə etmək cəhdi kökündən bloklanır. Ən son hipersəs raketlərinin və sualtı dronların nümayişi gözlənilir. Si üçün parad sadəcə hərbi bayram deyil, mütləq gücün təsdiqidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə