Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bu gün parlamentdə çıxışı zamanı qaçqınların ailə birləşməsi qaydalarının müvəqqəti dayandırıldığını açıqlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir yeni sığınacaq alan şəxslərin həyat yoldaşı, tərəfdaşı və uşaqlarını ölkəyə gətirməsinə verilən vizaların sistem islahatları aparılana qədər dayandırıldığını açıqlayıb. Bu müddət ərzində qaçqınlar yalnız Britaniya vətəndaşlarına tətbiq olunan standart ailə birləşməsi qaydalarına uyğun müraciət edə biləcəklər. Bu qaydalara əsasən, ərizəçilər ailə üzvlərini ölkəyə gətirmək üçün illik ən azı 29 min funt gəlir göstərməlidirlər.
İvet Kuper çıxışında bildirib ki, mövcud sistemdə qaçqınların ailə birləşməsində heç bir şərt qoyulmur, halbuki Britaniya vətəndaşları və uzunmüddətli rezidentlər üçün ciddi tələblər mövcuddur. Bu isə ədalətsizlik yaradır və dəyişdirilməlidir. Nazir, həmçinin əlavə edib ki, mövcud qaydaların boşluqlarından insan alverçiləri istifadə edir və bunu miqrantlara təhlükəli La-Manş boğazını qayıqlarla keçidi təşviq etmək üçün vasitə kimi göstərirlər.
Son illərdə kiçik qayıqlarla gələn miqrantların ailə üzvlərini ölkəyə gətirmək üçün müraciət edənlərin sayı kəskin artıb. Statistikaya görə, bu göstərici 2023-cü ildə 4 min 300 olduğu halda, 2024-cü ilin mart ayına qədərki dövrdə 20 min 600 olub. Bu isə ölkədə artmaqda olan mühacir mənzil böhranını daha da dərinləşdirib və müxtəlif bölgələrdə etirazlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə