Şimali Koreya lideri Kim Çen In Pekinə rəsmi səfər etmək üçün bazar ertəsi günortadan sonra xüsusi qatarla Pxenyandan yola düşüb.
Bu, onun son altı ildə Çinə ilk səfəri və dövlət başçısı kimi məlum olan 11-ci xaricə səfəri olacaq.
SİA-nın məlumatına görə, Cənubi Koreyanın Yonhap xəbər agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Koreya liderinin qatarı çərşənbə axşamı gecə Çin sərhədini keçəcək.
Onun Pekinə çərşənbə axşamı, sentyabrın 2-də çatacağı gözlənilir.
Səfər Çin sədri Si Cinpinin dəvəti ilə həyata keçirilir. Səfərin əsas məqsədi İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Çinin paytaxtında keçiriləcək genişmiqyaslı şənliklərdə iştirak etməkdir.
Əsas hadisə sentyabrın 3-də Tiananmen meydanında keçiriləcək hərbi parad olacaq.
Səfər Kim Çen Inın hakimiyyətə gəldikdən sonra böyük çoxtərəfli beynəlxalq tədbirdə ilk iştirakı olacaq. Pekində keçirilən yubiley tədbirlərinə Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla 26-ya yaxın xarici ölkə liderinin qatılacağı gözlənilir ki, bu da tədbirin geosiyasi əhəmiyyətini vurğulayır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə