...ABŞ genişmiqyaslı Ulchi Freedom Shield 25 təlimlərində iştirak etmək üçün müvəqqəti olaraq Cənubi Koreyadakı Kunsan aviabazasına beşinci nəsil F-35 döyüş təyyarələrini yerləşdirib.
Manevrlər avqustun 18-də başlayıb. ABŞ və Cənubi Koreyanın birgə müdafiəsini gücləndirmək məqsədi daşıyır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Newsweek yazır.
Təlimlərə on F-35A və F-35B təyyarələri cəlb olunub. Birincisi ABŞ Hərbi Hava Qüvvələrinin Yuta ştatında yerləşən 421-ci Qırıcı Eskadrilyasına aiddir. Şaquli eniş edə bilən F-35B-lərin Yaponiyadakı İvakuni Hərbi Hava Qüvvələri bazasından gəldiyi güman edilir.
Təlimlərə hava döyüşünün simulyasiyası, müttəfiqlərin koordinasiyasını və döyüş hazırlığını təkmilləşdirməli olan “real döyüş ssenariləri”nin tətbiqi daxildir.
Pxenyan bu manevrləri kəskin şəkildə pisləyib və onları işğala hazırlıq adlandırıb.
Şimali Koreyanın Baş Qərargah rəisinin birinci müavini Kim Yonq Bok deyib ki, “Bir dövlətə qarşı irimiqyaslı təlimlər müdafiə xarakterli sayıla bilməz, xüsusən də onlar ən böyük nüvə gücü və 10-dan çox peyk tərəfindən həyata keçirilirsə”. O, xəbərdarlıq edib ki, müttəfiqlər “hərbi məşqlərə” davam etsələr, “qiymət ödəyəcəklər”.
ABŞ vurğulayıb ki, təlimlər atəşkəs razılaşmasının şərtlərinə riayət etmək və müdafiəni gücləndirmək məqsədi daşıyır, Seulla “sarsılmaz” müttəfiqliyini təsdiqləyir.
Ekspertlər Şimali Koreyanın raket buraxılışları ilə cavab verəcəyini istisna etmirlər. Təlimlər cümə axşamı yekunlaşacaq, lakin Pentaqon bölgəyə əlavə qüvvələr göndərə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə