Avqustun 19-u Ukraynaya min hərbçinin meyiti qaytarılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, repatriasiya edilən meyitlər arasında Donetsk, Zaporojye, Luqansk və Kursk istiqamətlərində döyüşən müdafiəçilərin, habelə əsirlikdə həlak olmuş 5 Ukrayna hərbçisinin meyiti var. Bunlar İstanbulda keçirilən danışıqların ikinci raundunda əldə olunmuş razılaşmalara əsasən, mübadilə üçün “ağır yaralı və ağır xəstə” məhbuslar siyahısında yer alıb.
“Rusiya tərəfi vaxtı uzatmaqda davam edir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ukrayna bütün ağır xəstə və ağır yaralı məhbusların dərhal azad edilməsində israrlıdır və bütün Ukrayna vətəndaşlarının geri qaytarılması üçün mübarizə aparır”, - deyə Koordinasiya Qərargahı qeyd edib.
Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert təsisatları ilə birlikdə bütün zəruri ekspertizalar həyata keçirəcək və repatriasiya olunmuş meyitlərin şəxsiyyətini müəyyənləşdirəcək. Meyitlərin qaytarılması işində Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) yanında Birgə Mərkəzin, habelə Ukrayna Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Xüsusi Hallarda İtkin Düşmüş Şəxslərin Məsələləri üzrə Müvəkkilin Katibliyi, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə