Sındırqı Bələdiyyə başçısı: Zəlzələ nəticəsində 10-dan çox tikili dağılıb

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ zamanı uçan binanın dağıntıları altından iki nəfər çıxarılıb. Daha iki nəfərin axtarışları davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Sındırqı Bələdiyyə başçısı Serkan Sak verdiyi açıqlamada uçan bina ilə yanaşı digər məhəllələrdə də 10-dan çox tikilinin dağıldığını, kəndlərin təxminən 60-70 faizi ilə əlaqə qurulduğunu, bu bölgələrdə də dağılan bina və məscidlərin olduğunu, lakin indiyədək insan itkisinin qeydə alınmadığını deyib.

Ölkənin səhiyyə naziri Kemal Memişoğlu isə verdiyi açıqlamada yeraltı təkanlardan təsirlənən dörd vətəndaşın xəstəxanaya yerləşdirildiyi, onların həyati təhlükəsinin olmadığını deyib.

22:13

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan 6,1 bal gücündəki zəlzələdən bir neçə dəqiqə sonra eyni bölgədə 4,6 və 4,1 bal gücündə iki afterşok qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 6,1 bal gücündə zəlzələnin dərinliyi 11 kilometr olub. Sındırqı rayonunda bir bina dağılıb. Ətraf vilayətlərdən AFAD qruplarının bölgəyə göndərildiyi bildirilir.

Zəlzələ Balıkesirin mərkəzi ilə yanaşı İstanbul, İzmir, Kütahya, Yalova, Manisa, Uşak, Aydın, Eskişehir, Sakarya və Tekirdağda da hiss olunub.

Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra aidiyyəti bütün qurumların fəaliyyətə keçdiyini, zəruri addımlar atıldığını və bu fəaliyyətləri yaxından izlədiyini deyib.

İstanbul Valiliyinin verdiyi açıqlamada hazırda şəhərdə hər hansı mənfi halın qeydə alınmadığı, sahə yoxlamalarına başlanıldığı bildirilib.

Qeyd edək ki, son bir neçə gündə Balıkesirin Sındırqı rayonunda 3,5 baldan yuxarı bir neçə zəlzələ baş verib

Bütün xəbərlər Facebook səhifəmizdə