Gürcüstan mediası Azərbaycan və Ermənistan liderlərinin ABŞ-dakı görüşündə əldə olunan razılaşmaya böyük diqqət yetirib - FOTOLAR
Gürcüstanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetirib. SİA xəbər verir ki, “imedinews.ge, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 9-da silsilə materiallar yayıblar.
Xəbər materiallarında xüsusi diqqət Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə verilib.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyulması və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib. Bu baxımdan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz giriş imkanının yaradılmasının razılaşdırıldığı vurğulanıb. Bununla yanaşı, hər iki ölkənin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etdikləri, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqini təsdiq etdikləri bildirilib.
Qonşu ölkənin mediası Donald Trampın görüşdən və imzalanma mərasimindən sonra səsləndirdiyi fikirlərə də xüsusi yer ayırıb.
Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin görüşdən sonrakı bəyanatı da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə