Almaniya külək turbinlərinin istehsalı sahəsində Çindən asılılığı azaltmaq istəyir
Almaniyanın İqtisadiyyat Nazirliyi külək türbinlərinin istehsalı sahəsində Çindən asılılığın azaldılması üçün yol xəritəsi hazırlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nazirliyin məlumatında hazırda külək enerjisi qurğularında istifadə olunan maqnitlərin 90 faizinin Çin istehsalı olduğu bildirilir. Nazirlik bu məqsədlə daha güclü və az texniki xidmət tələb edən daimi maqnitlərlə bağlı yol xəritəsi təqdim edib. Sənədə əsasən, 2030-cu ilədək tələb olunan daimi maqnitlərin 30 faizinin alternativ mənbələrdən təmin edilməsi nəzərdə tutulur. 2035-ci ilədək bu göstərici 50 faizə çatdırılmalıdır. Bunun üçün uzunmüddətli tədarük müqavilələri ilə bağlı investisiyalara dövlət zəmanətləri verilməsini, Avstraliya və Yaponiya kimi ölkələrlə yeni tərəfdaşlıqların qurulması planlaşdırılır. Yol xəritəsi Almaniya və Avropanın külək enerjisi sənayesinin nümayəndələri ilə birgə hazırlanıb.
Bu, Almaniya hökumətinin Çinlə bağlı risklərin azaldılması strategiyasının tərkib hissəsidir. Rusiyanın Ukraynaya hücumundan sonra baş verən enerji böhranı da tədarükün təkcə bir ölkədən asılı olmasının enerji təminatı üçün risklər yaratdığını göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə