...Putin çətin ki, yeni sanksiyalar və Rusiya neftinə 100 faiz rüsum tətbiq etmək təhlükəsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni cümə gününə qədər bitirmək ultimatumuna əməl etsin.
SİA-nın məlumatına görə, bu barədə Kremlə yaxın mənbələr Reuters agentliyinə bildiriblər.
Onların fikrincə, Putin hesab edir ki, Rusiya döyüş meydanında qalib gəlir və artıq 3,5 il davam edən münaqişədən sonra ABŞ-ın əlavə sanksiyaları ciddi təsir göstərməyəcək.
Putinin məqsədi dəyişməz olaraq qalır - Ukraynanın dörd regionu: Donetsk, Luqansk, Zaporojya və Xerson üzərində tam nəzarəti bərqərar etmək.
Yalnız bundan sonra, mənbələrə görə, o, sülh sazişini müzakirə etməyə hazır olacaq. Trampla münasibətləri saxlamaq və Qərblə dialoqu yaxşılaşdırmaq istəyinə baxmayaraq, Putin hücumu dayandırmağa hazır deyil. Agentliyin həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, “indi dayansa, ordu və xalq başa düşməyəcək”.
Trampın xüsusi elçisi Steve Vitkoff bu həftə hər iki tərəfdə artan ritorika fonunda Moskvaya səfər edəcək.
Ağ Ev Trampın “qan tökülməsini dayandırmaq istədiyini” və bu səbəbdən sərt tədbirlərlə hədələdiyini bildirib.
Bununla belə, Kreml əmindir ki, Tramp onun hədələrinə əməl etməyəcək və Çin və Hindistan çətin ki, Rusiya neftindən imtina etsin.
Sanksiyalardan itkilərə baxmayaraq, Rusiya iqtisadiyyatı uyğunlaşdı və müharibə davam edir - Şimali Koreyadan mərmilərin və Çindən idxalın köməyi ilə...
Mənbələr bildirirlər ki, Rusiya Baş Qərargahı yaxın aylarda Ukraynanın müdafiə qüvvələrinin dağılacağını gözləyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə