Özbəkistanda Əmir Teymurun iki tonluq qazanının surəti yaradılacaq

Özbəkistanda XIV əsrə aid Əmir Teymurun şəxsi göstərişi ilə hazırlanmış sənət incisi olan iki tonluq qazanının surəti yaradılacaq. Hazırda bu orijinal bürünc artefakt Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi türbəsində saxlanılır. SİA xəbər verir ki, qazanın hündürlüyü 1,6 metr, diametri 2,4 metr, tutumu isə 3 min litrdir. Bu təkcə unikal metallurgiya nümunəsi deyil, həm də birlik və səxavətin dərin rəmzi, sufi ənənəsinin mühüm elementidir.

Qazanın üzərinə onlarla yazı həkk olunub. Ərəb və fars dillərində “Hökm yalnız Allaha məxsusdur” ifadəsi dəfələrlə təkrarlanır. Eyni zamanda onun yaradılma tarixi dəqiq göstərilib — 25 iyun 1399-cu il. Yuxarı kəmər hissəsində Quran və hədislərdən sitatlar, eləcə də sifarişçi kimi Əmir Teymurun adı qeyd olunub.

Sərkərdənin hakimiyyəti dövründə bu qazandan cümə günləri şirin su paylanırdı, bu isə ümumi xeyir-dua və Uca Yaradan qarşısında hamının bərabərliyi rəmzi sayılırdı.

Bu artefaktın yenidən yaradılması Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzindəki daimi sərginin əsas eksponatı olacaq. Layihə Teymurilər dövrünün əhəmiyyətini və regionun zəngin mədəni irsinin davamlılığını vurğulayacaq.

Qeyd edək ki, məşhur qazan uzun illər Ermitajda saxlanılıb. 1935-ci ildə o, İran sənətkarlarının III Beynəlxalq Konfransında iştirak etmək üçün Leninqrada (indiki Sankt-Peterburq) göndərilmişdi. Onun orada cəmi üç ay qalacağı planlaşdırılsa da, vətənə yalnız 54 il sonra 1989-cu ildə qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə