“Mercedes-Benz” şirkətinin bu ilin birinci yarısında mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azalıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin yaydığı məlumatda konsernin xalis mənfəətinin 55,8 faiz azalaraq, 6,1 milyard avrodan 2,7 milyard avroya düşdüyü bildirilir. Ümumi gəlir də 8,6 faiz azalaraq 72,6 milyard avrodan 66,4 milyard avroya enib. Azalmanın gömrük rüsumları, satışların aşağı düşməsi və səmərəlilik tədbirləri ilə bağlı olduğu açıqlanıb.
“Mercedes-Benz” ötən il də ciddi mənfəət itkisi ilə üzləşmişdi. Bu, xüsusilə Çin bazarında satışların zəif olması nəticəsində baş vermişdi. 2024-cü ildə konsernin mənfəəti illik müqayisədə 28 faiz azalaraq 10,4 milyard, illik gəlir isə 4,5 faiz azalaraq 145,6 milyard avro təşkil etmişdi.
Şirkətin rəhbərliyi mənfəəti və satışları növbəti illərdə artırmaq məqsədilə fevralda qənaət proqramı təqdim edib. Bu çərçivəsində 2027-ci ilədək istehsal xərclərinin hazırkı vəziyyətlə müqayisədə 10 faiz azaldılması nəzərdə tutulur. Bununla yanaşı, material xərclərinin də optimallaşdırılması və sabit xərclərin də həmin dövrədək əlavə 10 faiz azaldılacağı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə