“The Bulwark”: “Tramp strateji səhvə yol verir...”

ABŞ Avropanı tərk etməməlidir...

...ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azaldılması ilə bağlı çağırışlar qlobal sabitliyə və Birləşmiş Ştatların özünün maraqlarına təhlükə yaradır. Çinlə artan rəqabət fonunda Hind-Sakit Okean bölgəsinə qüvvələrin yenidən yerləşdirilməsi ilə bağlı arqumentlər ABŞ qoşunlarının Avropadakı real əhəmiyyətini göz ardı edir.

SİA-nın məlumatına görə, bunu “The Bulwark” yazır.

Bu gün qitədə 30 minə yaxın Amerika əsgəri və əlavə rotasiya qüvvələri var. Bu, Soyuq Müharibənin köhnəlmiş mirası deyil, Avropa, Afrika və Yaxın Şərqdəki təhdidlərə effektiv cavab verməyə imkan verən müasir, strateji cəhətdən əsaslandırılmış strukturdur.

Bu qüvvələr kibermüdafiə, raketdən müdafiə, humanitar missiyaları təmin edir və beynəlxalq alyansları gücləndirir.

Qoşunların çıxarılması mövcud infrastrukturu, beynəlxalq müqavilələri məhv edəcək və böhrana hazırlıq səviyyəsini aşağı salacaq.

ABŞ-ın hərbi mövcudluğu olmasaydı, Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzünə sürətli reaksiya mümkünsüz olardı. Üstəlik, Avropa qeyri-sabitlik zonası olaraq qalır: Balkanlar, Qafqaz, Moldova və Baltik regionu potensial münaqişə ocaqları olmaqda davam edir.

Çinə birtərəfli istiqamətləndirmə strateji miopiyanı əks etdirir və təhlükəli illüziyanı təkrarlayır: gələcək müharibələri proqnozlaşdırmaq qabiliyyətinə inam...

Tarix göstərir ki, münaqişələr çox vaxt gözlənilmədən və müxtəlif regionlarda yaranır.

Avropadakı Amerika qoşunları cəmi 1,5 faiz təşkil edir, lakin qlobal təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Onların azaldılması müttəfiqlərin etimadını sarsıdacaq və ABŞ-ın strateji imkanlarını məhdudlaşdıracaq.

Çoxsaylı təhdidlərin olduğu bir dünyada Amerika çevik və dayanıqlı mövcudluğunu saxlamalıdır – geri çəkilməməli, əksinə güclənməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə