Fransanın xarici işlər naziri Rusiyaya qarşı yeni sanksiyalar hazırlandığını bildirib
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını elan edib. Barronun sözlərinə görə, məqsəd Rusiyanın “hərb iqtisadiyyatını tükətmək” və Moskvanı atəşkəsə məcbur etməkdir. SİA xəbər verir ki, bu bəyanatı Barro Ukraynaya iki günlük rəsmi səfəri zamanı “FranceInter” radiosuna müsahibəsində səsləndirib. Diplomat bildirib ki, yeni sanksiya paketi hazırlanır. Məqsəd döyüşlərin dayandırılması, danışıqlara dönüşün təmin olunmasıdır. O, Avropa İttifaqı iqtisadiyyatının Rusiyadan on dəfə böyük olduğunu vurğulayıb.
Səfəri çərçivəsində Barro Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və bir daha Fransanın qəti dəstəyini ifadə edib. O, X sosial şəbəkəsində yazıb: “Prezident Zelenski, etimadınıza və Kiyevdə keçirdiyimiz dialoqa görə təşəkkür edirəm. Hava hücumundan müdafiə, hərbçilərin hazırlanması, dron istehsalı, sanksiyalar – Fransa verdiyi sözlərə sadiqdir və sadiq qalacaq.”
Nazir bildirib ki, Fransa istehsalı olan dronlar Ukrayna ərazisində istehsal olunacaq. “Ukrayna azadlığı uğrunda döyüşür – bu həm də Avropanın azadlığı uğrunda mübarizədir. Biz sizin yanınızdayıq – tam və sarsılmaz şəkildə” - deyə Barro əlavə edib.
Fransalı nazir Rusiya ordusunun bombaladığı əraziləri, eləcə də Çernobıl AES-i ziyarət edib. Diplomat Rusiya pilotsuz uçuş aparatının zərbəsi nəticəsində qoruyucu günbəzin zədələndiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə