Trampın bəyanatları Avropaya təzyiq etmək və...

NATO-nu gücləndirmək üsuludur..?

ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı təhdidləri Vaşinqtonun müttəfiqlərə təsirini və anti-Rusiya ritorikasını gücləndirmək kimi strateji xəttinə uyğun gəlir.

SİA-nın məlumatına görə, bunu Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova deyib.

Parlamentarinin sözlərinə görə, Trampın “Moskvanı bombalamağa” hazır olması ilə bağlı sözləri Rusiya və Çinə əsas strateji rəqiblər kimi baxılmaqda davam edən ABŞ doktrinasını əks etdirir.

Eyni zamanda, Rusiya rəhbərliyi ilə dialoqun mümkünlüyünə baxmayaraq, qarşıdurmaya diqqət Amerika siyasətində üstünlük təşkil edir.

Jurova həmçinin qeyd edib ki, bu cür bəyanatların daxili və xarici siyasətə təsiri var. Xüsusilə, NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizə çatdırmaq təşəbbüsləri fonunda Vaşinqton əlavə xərclərə ehtiyacı inandırıcı şəkildə əsaslandırmalıdır.

Jurovanın sözlərinə görə, bu kontekstdə Rusiyadan gələn təhdidlər Avropaya təzyiq vasitəsi və Amerika silahlarının alınması üçün stimul kimi təqdim olunur.

Siyasətçi hesab edir ki, Rusiya bu cür hücumlara sözlə deyil, konkret addımlarla – ordunu gücləndirməklə, müdafiə sənayesini modernləşdirməklə, hazırkı hərbi əməliyyatlar çərçivəsində işi davam etdirməklə cavab verməlidir.

...Rusiyalı deputat bildirib ki, Rusiya istənilən təhdidlərə hazırdır və müdafiə kursunu zəiflətmək niyyətində deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə