Bu ilin ilk altı ayı ərzində Türkiyə ərazisi və ərazi sularında ümumilikdə 18 min 191 zəlzələ qeydə alınıb. Hesablamalara əsasən, ölkədə orta hesabla saatda 4, gündə isə 100 yeraltı təkan meydana gəlib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qazi Universitetinin dosenti, fəlakətlərin idarəedilməsi üzrə mütəxəssis Bülent Özmen bildirib.
O, qeyd edib ki, Türkiyə ərazisində hər il orta hesabla 25 min zəlzələ qeydə alınır və bu il yeraltı təkanların sayı artıb.
Zəlzələlərin sayındakı artımın səbəblərindən birinin bu ilin yanvar və fevral aylarında Yunanıstanın Santorini və Amorqos adaları ətrafında baş verən yeraltı təkanlar olduğunu bildirən Özmen, aprelin 23-də İstanbulda baş verən 6,2 maqnitudalı zəlzələnin də seysmik aktivliyi artırdığını vurğulayıb.
Bildirilib ki, ölkə üzrə ən çox zəlzələ Muğla, Malatya, Kütahya, Kahramanmaraş və İstanbulda baş verir.
Qeyd edək ki, bu ilin ilk yarısında Türkiyədə baş verən zəlzələlərdən 18-i 5-5,9 bal gücündə, üçü isə 6 baldan böyük olub. Bunların arasında ən şiddətliləri İstanbul, Kulu (Konya) və Marmarisin Bozburun rayonunun ərazi sularında baş verib. Bu zəlzələlər nəticəsində 2 nəfər həyatını itirib, 452 nəfər isə xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə