Berlin-Münxen sürət qatarının marşrutunda yanğınla əlaqədar ciddi maneələr yaranıb
Berlin-Münxen istiqamətində hərəkət edən sürət qatarının marşrutu üzərindəki dəmir yolu keçidində baş verən yanğınla əlaqədar qatarların hərəkətində ciddi maneələr yaranıb. SİA Almaniya mətbuatına istinadla xəbər verir ki, yanğınla əlaqədar marşrutun bir hissəsi bağlanıb, qatarların marşrutu dəyişdirilib, səyahət müddəti əhəmiyyətli dərəcədə uzanıb və bəzi reyslər tamamilə ləğv edilib.
Yanğın Oberfranken bölgəsində yerləşən Forşhaym və Bamberq şəhərləri arasındakı dəmir yolu keçidində baş verib. Polis yanğının qəsdən törədilməsi şübhəsi ilə istintaqa başlayıb.
İlkin araşdırma nəticəsində yanğın nəticəsində keçidin üzərindəki relslərdə hərəkətin mümkün olmadığı müəyyənləşdirilib.
Alman Dəmir Yolları (Deutsche Bahn) şirkətinin məlumatında sürət qatarlarının Nürnberq və Erfurt şəhərləri arasında hər iki istiqamətdə başqa yolla yönləndirildiyini və bunun da təxminən 90 dəqiqəlik gecikmələrə səbəb olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə