Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyunun 29-da həyata keçirdiyi gecə hücumunu şərh edərkən bildirib ki, zərərçəkənlər arasında uşaqlar da var. Bu barədə SİA Zelenskinin Teleqram kanalına istinadla xəbər verir.

Dövlət başçısının sözlərinə görə, ölkə üzərində gecə ərzində 477 dron qeydə alınıb. Onların əksəriyyəti Rusiya-İran istehsalı olan “Şahed” dronları və 60 müxtəlif tipli raket olub.

“Ruslar həyatı təmin edən hər şeyə zərbə endiriblər. Smelada yaşayış binasına da raket dəyib, körpə uşaq yaralanıb. Fövqəladə xidmətlər ehtiyac duyulan hər yerdə işləyib”, – deyə Zelenski vurğulayıb.

Prezident həmçinin gecə ərzində yeddi hava hədəfini vurmuş F-16 qırıcısının pilotu Maksim Ustimenkonun həlak olmasına münasibət bildirib. Pilot təyyarəni yaşayış zonasından uzaqlaşdırmağa nail olsa da, katapult edə bilməyib.

“Ailəsinə və döyüş yoldaşlarına başsağlığı verirəm. Ölümün bütün hallarının araşdırılması barədə tapşırıq verdim. Ukrayna aviasiyası səmanı qəhrəmancasına qoruyur. Ukraynanı müdafiə edən hər kəsə təşəkkür edirəm”, – deyə dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, Rusiya təkcə bir həftə ərzində Ukraynaya 110-dan çox raket, 1270-dən çox dron və 1100 idarə olunan aviasiya bombası atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə