Türkiyədə meşə yanğınları ilə mübarizə fasiləsiz davam edir. Son vəziyyətlə bağlı açıqlama verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, iyunun 29-da ölkə üzrə 77 yanğın hadisəsi qeydə alınıb. Onlardan 53-ü meşəlik ərazilərdən kənarda baş verib. Doqquz bölgədə alovlar şiddətlənib, 3 yerdə yanğın davam edir. SİA xəbər verir ki, nazir Manisanın Akhisar, İzmirin isə Kuyucak və Doğanbey rayonlarında yanğınların davam etdiyini, hər üçünün ciddi xarakter daşıdığını bildirib.
“Doğanbey və Kuyucak bölgələrində gecə boyunca küləyin sürətinin saatda 40-50 kilometrə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən, əməkdaşlar yüksək hazırlıq vəziyyətindədir. Sözügedən ərazilərdə yaşayış yerləri var. 4 kənd, 2 məhəllə artıq təxliyə edilib. Zərurət yarandığı təqdirdə təxliyələr davam edəcək” - deyə nazir bildirib.
Qeyd edilib ki, İzmirin Menderes və Seferihisar rayonları sərhədində baş verən meşə yanğınına da havadan və qurudan texniki vasitələrlə müdaxilə olunur.
Son məlumatlara əsasən, yanğınlar səbəbilə İzmirin Adnan Menderes aeroportunda uçuşlar dayandırılıb. Bu bölgəyə 18 təyyarə, 6 helikopter və çox sayda yerüstü texnika cəlb edilib. Yanğın yaşayış ərazilərinə qədər irəliləyib. Bəzi evlərə alov sıçrayıb və 3 ev zərər görüb.
İzmir valisi Süleyman Elban sosial mediada etdiyi paylaşımda bildirib ki, əlverişsiz hava şəraiti və güclü külək helikopterlərin işinə çətinliklər törədir və havadan müdaxilə yalnız təyyarələrlə mümkündür.
Manisa vilayətinin Akhisar rayonundakı meşəlik ərazidə günorta başlayan yanğın söndürülsə də, axşam saatlarında güclü külək səbəbilə yenidən alovlanaraq qısa müddətdə meşəlik əraziyə yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən və meşə briqadaları göndərilib. Ehtiyat tədbiri olaraq bəzi bölgələrin sakinlər təxliyə olunublar.
Sakaryanın Taraklı rayonunda cümə günü başlayan meşə yanğını Bilecikin Gölpazarı rayonuna yayılıb. Bilecik Valiliyi yaxın ərazilərin təxliyəsinə qərar verib.
Məlumata əsasən, Bilecik-Sakarya bölgəsindəki yanğın böyük ölçüdə nəzarət altına alınıb. Bu yanğında bir kənd alovların arasında qalıb. Boşaldılan kənddə yalnız girişdəki 2 ev salamat qalıb, digər bütün evlər yanıb. Evlərdəki qaz balonlarına görə partlayışlar baş verib.
Antalya, Ədirnə və Bursa vilayətlərində də meşə yanğınları qeydə alınıb.
Antalyadakı yanğınların söndürülməsinə 2 təyyarə, 7 helikopter və çox sayda yerüstü texnika cəlb edilib.
Ədirnədəki yanğınların söndürülməsi üçün Kırklareli, Tekirdağ və İstanbuldan əlavə briqadalar göndərilib. İyunun 28-də başlayan yanğın dünən saat 10:30-da nəzarətə alınıb. Lakin bölgədə əsən külək yenidən alovlanmaya səbəb olub.
Bursada isə tullantı sahəsində naməlum səbəbdən yanğın baş verib. Alovun qarşısı alınıb. Lakin 15 hektar taxıl sahəsi zərər görüb.
Xatırladaq ki, ölkə üzrə baş verən yanğınlarla bağlı istintaq başladılıb və 17 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə