Almaniyada silahların alınmasının sürətləndirilməsi üçün yeni qanun layihəsi hazırlanıb

Almaniya hökuməti silah tədarükünü sürətləndirmək üçün hüquqi prosedurları sadələşdirmək istəyir. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bununla əlaqədar İqtisadiyyat və Müdafiə nazirlikləri tərəfindən yeni qanun layihəsi hazırlanıb.

Əvvəlki hökumət 2022-ci ildə bu sahədə sürətləndirməni nəzərdə tutan qanun qəbul edib. Yeni layihə həmin qanunun müddəalarını davam etdirərək bir sıra məqamları daha da genişləndirir. Yeni qanun layihəsinə əsasən, Avropanın və NATO-nun hərbi hazırlığına töhfə verən hər bir satınalma Almaniyanın mühüm milli təhlükəsizlik marağı kimi tanınacaq və bununla da Avropa İttifaqının satınalma hüququndan istisna edilə biləcək. Həmçinin startaplar və innovativ şirkətlər üçün qabaqcadan ödəniş imkanları yaradılmaqla onların qarşısındakı maneələrin azaldılması nəzərdə tutulur.

Birbaşa satınalma üçün tətbiq olunan məbləğ həddi də xeyli artırılacaq. Belə ki, Bundesver tender elan etmədən dəyəri 100 min avroya qədər olan sifarişləri birbaşa verə biləcək. Digər tərəfdən, əgər şirkətlər satınalma prosesinin nəticəsinə qarşı məhkəmə iddiası qaldırsalar belə, əsas tender prosedurlarının dayandırılması məcburi olmayacaq.

Koalisiya hökuməti hərbi xərcləri borc məhdudiyyətindən (Schuldenbremse) faktiki olaraq istisna etməklə, qarşıdakı illərdə bu xərcləri əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə