Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İsrail və İran arasında qarşılıqlı raket atışmaları fonunda Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) Tel-Əvivdən 63 vətəndaşını təxliyə etdiyini deyib. SİA BBC-yə istinadla xəbər verir ki, təxliyə reysi ötən gün günorta saatlarında Tel-Əvivin Ben Qurion Hava Limanından havaya qalxaraq, təhlükə altında olan britaniyalılar və onların ailə üzvlərini Kiprə aparıb.
Britaniya Parlamentində çıxışı zamanı Devid Lemmi İranı danışıqlara qayıtmağa çağırıb və ABŞ-ın İranın nüvə proqramına zərbələrindən sonra vəziyyətin gərginləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb: “Mənim Tehrana mesajım aydındır. Gərginliyi azaltmaq üçün addım atın, bu vəziyyəti yumşaldın və ABŞ-la dərhal ciddi şəkildə danışıqlara başlayın. Əmin olun ki, biz öz əməkdaşlarımızı, infrastrukturumuzu və tərəfdaşlarımızın maraqlarını qorumağa hazırıq”.
RAF-ın A400 təyyarəsi Tel-Əvivdən havaya qalxaraq 63 Britaniya vətəndaşını və onlarla birgə səyahət etməyə hüququ olan ailə üzvlərini Kiprə aparıb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, təhlükəsizlik vəziyyətindən və tələbatdan asılı olaraq əlavə reyslər həyata keçirilə bilər. Hələ də İsraildə olan Britaniya vətəndaşlarına isə hökumətlə əlaqə saxlamaq və qeydiyyatdan keçmək tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə