Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın 48 saat ərzində mümkün cavab zərbəsinə hazırlaşır. SİA xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ-nin Müdafiə Nazirliyinin nümayəndəsi və Ağ Evin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Rəsmilərə görə, cavab zərbələrinin xarici və ya daxili obyektləri hədəfə alacağı bəlli deyil.

Telekanalın məlumatına görə, mənbələr daha əvvəl İranın zərurət yaranarsa, ABŞ-nin Yaxın Şərqdəki bazalarına və obyektlərinə zərbələr endirmək planlarının olduğunu bildirib.

ABŞ bazaları və obyektləri bir neçə aydır yüksək hazırlıq vəziyyətindədir, lakin İsrailin İranla iyunun 13-də müharibəyə başlamasından sonra İran və ya onun regiondakı müttəfiqlərinin ABŞ obyektlərinə mümkün hücumları ilə bağlı narahatlıqlar artıb.

Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə