Bu saatlarda İsrail İranın dövlət televiziyasına raket zərbəsi endirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, televiziya binasının bir hissəsinə böyük zərər dəysə də, jurnalistlər yayımı hələlik davam etdirirlər.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat üçün yaydığı açıqlamada isə bildirilir ki, bu gecə SEPAH-ın Aerokosmik Qüvvələri “Qiyamət günü” silahını işə salmaq niyyətindədir. SEPAH rəhbərliyi mübarizəni sonadək davam etdirəcəklərini və düşməni yerlə-yeksan edəcəklərini bildirib. Yayılan məlumatda deyilir ki, “Qiyamət günü” silahı ən mükəmməl hava hücumundan müdafiə sistemini yarmağa qadirdir.
Hərbi analitiklər hesab edirlər ki, İran bu gecə “Hürrəmşəhr-4” raketindən istifadə etmək niyyətindədir. Qeyd olunur ki, İranın hava hücumundan müdafiə sistemi zəif olsa da, onun raket potensialı yüksək səviyyədədir. Sözügedən “Hürrəmşəhr-4” raketi “Fəttah”, “Qədr”,”Emad” raketlərindən fərqlidir. Bu raket saniyədə 5,488 metr olmaqla 2 min kilometr məsafəni qət edir və 1500 kiloqram partlayıcı başlığa malikdir.
İranın “Xətəmül-Ənbiya” Mərkəzi Ordu Qərargahının yeni təyin olunan komandanı general Əli Şadmani bəyan edib ki, İran sonadək müdafiə olunacaq və düşməni yerinə oturdacaq.
Bu gün, həmçinin SEPAH-ın Aerokosmik Qüvvələri “Şahed-107” adlı ən yeni kamikadze PUA-sını təqdim edib. Bu PUA 1500 kilometrdən çox məsafəyə uçmaq qabiliyyətinə malikdir.
İran ordusunun quru qoşunlarının komandanı general Kiyanuş Heydəri bildirib ki, son 48 saat ərzində İsrailə 30-dan çox PUA göndərilib və bunların əksəriyyəti hədəfi vurub.
İsrailin Hayfa şəhərini elektrik enerjisi ilə təmin edən stansiya da məhz İran tərəfindən PUA göndəriləndən sonra partladılıb.
Bu gün ABŞ prezidenti Donald Tramp iri hərbi təyyarələri daşıyan gəmini Yaxın Şərq regionuna göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə