Pekini cilovlamaq üçün ən yaxşı strategiya Moskvanı məğlub etməkdir...

Ukraynanın qələbəsi ABŞ-ın maraqlarına uyğundur...

Analitiklərin və siyasətçilərin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi sadəcə regional münaqişə deyil, beynəlxalq nizam, ABŞ və Avropanın geostrateji maraqları üçün əsas sınaqdır.

SİA-nın məlumatına görə, bunu 19FortyFive nəşri yazır.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Putinin hərəkətlərinin aqressiv xarakterini görməzlikdən gəlməkdə davam edərək, müharibənin mahiyyətini hələ də dərk etmədiyini nümayiş etdirir.

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyəti getdikcə daha absurd və imperialist tələblər, o cümlədən Rus Pravoslav Kilsəsinə xüsusi hüquqlar və ruslaşdırma tələbləri irəli sürür. Ekspertlərin fikrincə, belə şərait Ukraynanı müstəmləkə siyasətinin obyektinə çevirir.

Bu müharibə təkcə təcavüz deyil, soyqırım cəhdidir. Ukraynalı uşaqların kütləvi şəkildə oğurlanması Rusiya imperiya siyasətinin tarixi xəttini təsdiqləyir.

Bu cür hərəkətlərə yol vermək növbəti soyqırım aktları təhlükəsi yaradır.

Ukraynadan başqa, Rusiya Moldova və Bolqarıstanda fəal şəkildə sabitliyi pozur, seçkilərə müdaxilə edir və Dnestryanıda qoşun yeridir.

Ekspertlər xəbərdarlıq edirlər ki, uzunmüddətli perspektivdə Rusiya Avropaya qarşı yeni təcavüzə hazırlaşır.

Avropanın özünümüdafiə üçün hələ tam hazır olmadığı bir şəraitdə ABŞ qitənin təhlükəsizliyini təmin etmək üçün hər cür yardım göstərməlidir.

Çin təhlükəsinin vurğulanmasına baxmayaraq, Pekini cilovlamaq üçün ən yaxşı strategiya Moskvanı məğlub etməkdir. Çin lazımi elektronikanın 90 faizini təmin etməklə Rusiyanın hərbi sənayesini fəal şəkildə dəstəkləyir.

Beləliklə, Ukraynadakı müharibə dolayısı ilə Qərbin qətiyyətinin sınağına çevrilir və Rusiyanın məğlubiyyəti Çinin cilovlanmasını gücləndirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə