Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz növbəti həftə açıqlanacaq büdcə planı çərçivəsində elmi-tədqiqat və inkişaf (R&D) sahəsinə 86 milyard funt sterlinq (təxminən 116 milyard dollar) vəsait ayıracaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin Elm, İnnovasiya və Texnologiya Departamenti (DSIT) məlumat yayıb. Bildirilir ki, bu maliyyə paketi 2029/2030-cu ilədək hər il 22,5 milyard funt sterlinqdən artıq məbləğ təşkil edəcək və yeni iş yerlərinin yaradılmasına, eləcə də iqtisadi artıma təkan verəcək. Vəsait yeni dərmanların hazırlanması, daha uzunömürlü batareyalar və süni intellekt sahəsində nailiyyətlər də daxil olmaqla geniş spektrdə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Rryçel Rivz çərşənbə günü ümumilikdə 2 trilyon funt sterlinqdən çox dövlət vəsaitini müxtəlif nazirliklər arasında bölüşdürəcək. Bu qərarlar hökumətdə ilk ilini qeyd edən Leyboristlərin qarşıdakı dörd ildə nələrə nail ola biləcəyini müəyyən edəcək.

Qeyd edək ki, bu açıqlama R.Rivzin ötən həftə İngiltərənin şimalı, Midlend və cənub-qərb bölgələrində şəhərdaxili nəqliyyat layihələrinə 15,6 milyard funt sterlinq ayırmaq öhdəliyindən sonra verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə