Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq həyatını itirib.
SİA yerli KİV-lərə istinadla xəbər verir ki, Nigeriya polisi hadisənin ölkənin şimalında yerləşən Kaduna vilayətində baş verdiyini bildirib.
Qeyd olunur ki, 4-9 yaş arasında olan bu uşaqlar qeyri-rəsmi dini mədrəsədə dərsdən sonra vaxtaşırı Kubau bölgəsində yerləşən Yardoka kəndi yaxınlığında palçıqdan kərpic hazırlamaq üçün qum çıxarırdılar.
Kaduna vilayəti polisinin sözçüsü Mənsur Həsən bildirib ki, 11 uşaq həyatını itirib, daha 7 uşaq isə yaralanıb və hazırda xəstəxanada müalicə alırlar.
O əlavə edib ki, polis kənddən olan könüllülərlə birlikdə qəzaya uğrayan mədəndən uşaqların cəsədlərini çıxarıb.
Vurğulanıb ki, uşaqların təhsildən yayınaraq mədəndə işlədilməsi və istismarı barədə araşdırma başlanıb.
Nigeriyanın, əsasən müsəlmanlar yaşayan şimal bölgələrində “Almajiri” adlanan qeyri-rəsmi Quran məktəbləri geniş yayılıb. Kasıb ailələrin uşaqları, adətən bu məktəblərə Quran öyrənmək üçün göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə