Türkiyənin ekoloji təşkilatları Metsamor AES-in tezliklə bağlanmasına çağırış edib

Türkiyədə 33 ekoloji təşkilatın nümayəndələri Ermənistanla həmsərhəd bölgəyə, İğdır vilayətinə toplaşaraq Metsamor Atom Elektrik Stansiyasının (AES) dərhal bağlamasına çağırış ediblər. SİA xəbər verir ki, Mersin vilayəti Təbiət və Ətraf Mühit Cəmiyyətinin rəhbəri Səbahət Aslan mətbuatda yayılan bəyanatın mətnini oxuyub.

Ekoloji fəallar AES-in Türkiyə sərhədinə yaxın olduğuna diqqət çəkərək, rəsmi Ankaranın bu istiqamətdə qəti addımlar atmalı olduğunu vurğulayıblar.

“Ermənistanda ilk reaktoru hələ 1976-cı ildə işə salınan AES İğdırdan cəmi 30 km aralıda tikilib. Hələ layihənin əvvəlində alimlər stansiyanın seysmik zonada istifadəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - deyə bildirilib.

Bəyanat müəllifləri vurğulayıblar ki, Metsamor AES köhnəlmiş texnologiyaya görə, qəza riski yüksək olan atom elektrik stansiyaları siyahısına başçılıq edir.

“Biz beynəlxalq təşkilatlara və birbaşa Ermənistan hökumətinə müraciət edirik: Çernobıl və ya Fukusima ssenarisi təkrarlanmadan Metsamor AES-i bağlayın. Türkiyənin müvafiq strukturları da bu məsələdə təcili addımlar atmalıdır”, - deyə Səbahət Aslan bu istiqamətdə səylərin davam edəcəyinə əminliyini bildirib.

O, Türkiyənin Ermənistanla həmsərhəd vilayətlərində xərçəng xəstələrinin sayının artdığını da diqqətə çatdırıb. “Bölgədə çoxlu sayda leykoz diaqnozu qoyulan yeni doğulmuş körpələr də qeydə alınır. Türkiyə hökuməti hərəkətə keçməlidir”, - deyə fəallar vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə