Rusiya Ukraynaya atəşkəs və uzunmüddətli sülhə dair memorandum təqdim edib
Rusiya Ukraynaya atəşkəsin əldə olunması və uzunmüddətli sülhün bərqərar olunmasına dair memorandum təqdim edib. SİA xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin bildirdiyinə görə, Moskva atəşkəsin əldə olunması və davamlı sülhün bərpası ilə bağlı təklifləri əks etdirən memorandumu Türkiyə tərəfinə təqdim edib.
Onun sözlərinə görə, sənəd iki hissədən ibarətdir: birinci hissə həqiqi, uzunmüddətli sülhün necə təmin ediləcəyinə dair yolları, ikinci hissə isə tam atəşkəsin əldə olunmasına imkan verəcək konkret addımları əhatə edir. V. Medinski vurğulayıb ki, memorandumda bu addımların həyata keçirilməsinə dair müxtəlif variantlar təqdim olunub.
“Plan bizim tərəfdən kifayət qədər ətraflı şəkildə hazırlanıb. Bu səbəbdən Ukrayna tərəfi onu öyrənmək qərarına gəlib”, — deyə o, görüşün yekunlarına dair jurnalistlərə bildirib.
V. Medinski əlavə edib ki, Rusiya və Ukrayna ən böyük əsir mübadiləsi barədə razılığa gəliblər. Eyni zamanda xəstə və ağır yaralı şəxslər “hamının hamıya” prinsipi əsasında dəyişdiriləcək. Bundan əlavə, Moskva və Kiyev ağır yaralıların siyasi qərarlardan asılı olmayaraq, dəyişdirilməsi ilə məşğul olacaq birgə komissiya yaradacaq.
O, həmçinin bildirib ki, gələn həftə Rusiya birtərəfli qaydada Ukraynaya 6 min ukraynalı hərbçinin cəsədini təhvil verəcək.
Vladimir Medinski xüsusi olaraq vurğulayıb ki, Moskva Kiyevə cəbhə xəttinin müəyyən sahələrində iki-üç günlük lokal atəşkəs elan edilməsini təklif edib ki, hər iki tərəfin komandirləri həlak olmuş əsgərlərin cəsədlərini götürə bilsinlər. O qeyd edib ki, bu təklif isti hava şəraiti və humanitar səbəblərlə əlaqədardır. Ukrayna tərəfi bu təşəbbüsü yaxın vaxtlarda nəzərdən keçirəcəyinə söz verib.
Mətbuat konfransı zamanı V. Medinski həmçinin bildirib ki, Rusiya Ukraynadan münaqişə nəticəsində çətin vəziyyətə düşmüş 339 uşağın siyahısını alıb. O vurğulayıb ki, onların arasında qaçırılan uşaq yoxdur. Onun sözlərinə görə, söhbət yalnız Rusiya əsgərləri tərəfindən xilas edilmiş uşaqlardan gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə