Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkisi ilə əlaqədar ölkədaxili erkən səsvermənin ilk günü olan mayın 29-da rekord sayda seçici səs verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkə üzrə seçicilərin 19,58 faizi (8,69 milyon nəfər) erkən səsvermədə iştirak edib. Bu, Cənubi Koreyada erkən səsvermənin tətbiqinin başlamasından bəri (2014) rekord göstəricidir. Bundan əvvəl ən yüksək nəticə isə (17,57 faiz) 2022-ci ildəki prezident seçkisində qeydə alınıb.
Erkən səsverməyə maraq o qədər böyük olub ki, seçki məntəqələrində uzun növbələr yaranıb. MSK erkən səsvermə zamanı bəzi məntəqələrdə yaranan sıxlığa görə məsuliyyətini etiraf edib.
Erkən səsvermə mayın 29-30-da ölkə üzrə 3568 məntəqədə aparılır. Erkən səsvermədə prezidentliyə namizədlərin bir neçəsi, o cümlədən əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su da iştirak edib.
Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunub. Ölkə tarixində 21-ci dəfə keçiriləcək prezident seçkilərində qalib olmaq üçün 6 nəfər mübarizə aparır. Onlar arasında Demokratiya Partiyasının namizədi Li Ce Myun və Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur. Son sorğulara əsasən, seçicilərin 49 faizi əsas müxalifətin, 37 faizi isə hakim partiyanın namizədini dəstəkləyir.
Ölkə üzrə 44,39 milyon vətəndaşın səsvermə hüquq var. Ən çox seçici Kyonqgi vilayətində (26,4 faiz) və paytaxt Seulda (18,7) qeydiyyatda olan vətəndaşlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə