Ursula Fon der Lyayen “Karl” mükafatına layiq görülüb

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “Karl” beynəlxalq mükafatına layiq görülüb. O, Avropanın lideri və dünyada Avropanın güclü səsi kimi bu mükafata layiq görülüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Almaniyanın Aaxen şəhərində keçirilən təqdimat mərasimində 700-dək nüfuzlu qonaq, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Almaniyanın Kansleri Fridrix Merts, İspaniya Kralı V Felipe iştirak ediblər.

U.Lyayen çıxışında dünyadakı böhranlar fonunda Avropanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkərək deyib: “Avropanın yenidən ayağa qalxmasının və növbəti böyük Avropa layihəsini həyata keçirməsinin vaxtı çatıb”. Son dövrlərdə artan geosiyasi gərginliklərə də toxunan U.Lyayen dünyanın yenidən imperialist iddiaları və müharibələrlə xarakterizə olunduğunu vurğulayıb.

Almaniyanın Kansleri Fridrix Merts və İspaniya Kralı V Felipe çıxışlarında U.Lyayeni Avropanın dünyada güclü səsi olduğunu bildiriblər.

“Bizim tarixi vəzifəmiz Avropanı elə gücləndirməkdir ki, o, qitəmizdə sülhü bərpa edə və azadlığı uzunmüddətli şəkildə təmin edə bilsin”, - deyə F.Merts vurğulayıb.

Qeyd edək ki, Frank imperiyasının qurucusu və “Avropanın atası” sayılan Böyük Karlın (768-814) şərəfinə təsis edilmiş bu mükafat Avropada birliyin və sülhün qorunması sahəsində ən nüfuzlu mükafat hesab olunur. Uinston Çörçil, Angela Merkel, Bill Klinton, Papa Fransisk kimi nüfuzlu şəxslər də bu mükafata layiq görülüblər. 2023-cü ildə “Karl” mükafatı Volodimir Zelenskiyə və Ukrayna xalqına verilib. Bu il ilk dəfə “Karl” mükafatına bir milyon avro məbləğində pul da əlavə olunub. U.Lyayenin istəyi ilə bu vəsait ukraynalı uşaqlar üçün dəstək layihələrinə yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə