Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş filminin premyerası Cenevrədə keçiriləcək
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş “Birləşmiş Millətlər Təşkilatı. Müharibələr və sülh” adlı sənədli filminin premyerası iyunun 16-da Cenevrədə BMT-nin bölməsində keçiriləcək. SİA xəbər verir ki, bu barədə layihənin müəllifi Sankt-Peterburqda keçirilən XXIII Beynəlxalq Lixaçov Elmi Oxunuşlar çərçivəsində “Dünyanın transformasiyası: problemlər və perspektivlər” mövzusunda çıxışında məlumat verib.
M.Qusmanın sözlərinə görə, o, 30 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatı mövzusu ilə məşğuldur və bu qurumun doqquz baş katibindən altısından müsahibə almaq şərəfinə nail olub. Film TASS agentliyinin dəstəyi ilə yaradılıb. Layihənin elmi məsləhətçisi Rusiya BMT-yə Dəstək Assosiasiyasının sədri Anatoli Torkunov, baş məsləhətçisi isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadır.
Filmin BMT-nin Nyu-Yorkdakı baş qərargahında nümayişi oktyabr ayında planlaşdırılır.
“Bu gün heç kimə sirr deyil ki, BMT tənqid olunur, bir çoxları islahatlara ehtiyac olduğunu bildirir. Prezident Vladimir Putinin də qeyd etdiyi kimi, bu, alternativi olmayan unikal bir təşkilatdır. Film dünyada baş verən tektonik dəyişikliklər fonunda BMT-nin hansı rolu oynaya biləcəyinə həsr olunub”, – deyə layihənin müəllifi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə