Ukrayna hərbçiləri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” zavoduna zərbə endiriblər. Zavod Rusiyanın raketləri, bombaları və xüsusi texnikası üçün detallar istehsal edir. Bu barədə SİA Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.
Məlumata əsasən, zərbənin hədəfə dəydiyi təsdiqlənib, ard-arda partlayışlar qeydə alınıb və müəssisənin ərazisində yanğın başlayıb.
“Energiya” zavodu Rusiyada kimyəvi enerji mənbələrinin ən iri istehsalçılarından biridir. Bundan başqa, bu müəssisə planlaşdırılan və korreksiya olunan aviasiya bombalarına quraşdırılan modullar üçün batareyalar istehsal edən yeganə Rusiya şirkətidir.
Zavod, həmçinin “İskəndər-M” operativ-taktiki raket kompleksləri, sudan buraxılan qanadlı raketlər və xüsusi texnikada istifadə olunan bir sıra universal enerji mənbələri üçün batareyalar istehsal edir.
Ukrayna Baş Qərargahı bildirir ki, “Energiya” ASC-nin fəaliyyətinin dayanması Rusiyanın bəzi hərbi texnikaları və döyüş vasitələrini vacib enerji mənbələrindən məhrum edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə